
1–31 oktyabr tarixləri süd vəzi xərçəngi ilə mübarizə və bu xəstəliklə bağlı maarifləndirmə ayıdır. Bu yazıda süd vəzi xərçənginin əlamətlərinə, müayinələrin nə zaman və hansı hallarda aparılmasının vacibliyinə dair əsas məqamları sadə və anlaşılan şəkildə izah edirik.
Bir çoxumuz süd vəzisində hər hansı fərqlilik hiss etdikdə ilk olaraq bunun öz-özünə keçəcəyini düşünürük. Bu, təbii reaksiyadır. Lakin süd vəzi xərçəngində erkən aşkarlanma mühüm əhəmiyyət daşıyır. Xəstəlik erkən mərhələdə aşkarlandıqda müalicənin uğurlu nəticələnmə ehtimalı əhəmiyyətli dərəcədə artır. Beynəlxalq statistik məlumatlara əsasən, xəstəlik yalnız süd vəzi ilə məhdudlaşan, yəni lokallaşmış mərhələdə aşkarlandıqda sağalma ehtimalı 90%-dən yüksəkdir.
Süd vəzi xərçəngi nədir?
Bu süd vəzi toxumasında yerləşən hüceyrələrin nəzarətsiz şəkildə bölünməsi və çoxalması nəticəsində yaranan bədxassəli xəstəlikdir. Bu proses əksər hallarda süd axarlarında və ya süd vəzilərinin paycıqlarında (lobullarında) başlayır. Müalicə olunmadıqda yaxınlıqdakı toxumalara və limfa düyünlərinə yayıla bilər. Süd vəzi xərçəngi dünyada qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Bu səbəbdən süd vəzilərinin mütəmadi müayinəsi, hər hansı dəyişikliklərin vaxtında qiymətləndirilməsi və profilaktik yoxlamaların aparılması sağlamlığın qorunmasında mühüm rol oynayır.
«Pasiyentlərin çoxu bizə şiş böyüdükdən sonra müraciət edir. Halbuki kiçik dəyişikliyi vaxtında yoxlatmaq müalicənin həcmini və müddətini xeyli azaldır.»
- Dr. Nərminə Babayeva, Mammoloq-Onkoloq, Respublika Diaqnostika Mərkəzi
Hansı əlamətlərə diqqət yetirməli?
Hər bir qadın süd vəzilərinin normal görünüşünü və quruluşunu tanımalı, onlarda baş verən dəyişikliklərə diqqət yetirməlidir. Aşağıdakı əlamətlərdən hər hansı biri müşahidə olunarsa, həkimə müraciət etmək tövsiyə edilir:
- Süd vəzisində və ya qoltuqaltı nahiyədə yeni yaranmış bərkimə və ya şişkinlik
- Süd vəzisinin ölçüsündə və ya formasında dəyişiklik
- Dəridə qızartı, qalınlaşma, çökəklik və ya “portağal qabığı” görünüşünün yaranması
- Süd vəzi ucunun içəriyə doğru çəkilməsi
- Süd vəzi ucundan qanlı və ya qeyri-adi ifrazatın gəlməsi
- Davamlı və keçməyən ağrı
Yadda saxlayın: süd vəzisində aşkar edilən bərkimə və ya şişkinliklərin əksəriyyəti xoşxassəli xarakter daşıyır. Lakin bunun dəqiq müəyyənləşdirilməsi yalnız həkim müayinəsi və zəruri diaqnostik müayinələr əsasında mümkündür.
Süd vəzisində hər hansı dəyişiklik müşahidə etdikdə onu görməzdən gəlmək əvəzinə, səbəbini vaxtında müəyyənləşdirmək ən doğru addımdır.

Kimlər daha diqqətli olmalıdır?
Risk faktorunun olması xərçəng xəstəliyinin yaranması mənasına gəlmir. Sadəcə müayinələrə daha ciddi yanaşmağı tələb edir:
- Yaş: risk yaşla artır
- Ailə tarixçəsi: yaxın qohumlarda süd vəzi və ya yumurtalıq xərçəngi
- Genetik dəyişikliklər (məsələn, BRCA1 və BRCA2)
- Hormonal amillər: erkən menarxe, gec menopauza, hormon müalicəsi
- Həyat tərzi: artıq çəki, hərəkətsizlik, alkoqol, siqaret
Hansı müayinələr var və nə vaxt edilməlidir?
Özünümüayinə. Hər ay eyni vaxtda, menstruasiyadan bir neçə gün sonra süd vəzilərinizin görünüşünü yoxlayın və əllə müayinə edin. Özünümüayinə həkim müayinəsini əvəz etmir, lakin süd vəzilərində yaranan yeni dəyişiklikləri vaxtında görməyə kömək edə bilər.
Süd vəzilərinin ultrasəs müayinəsi. Xüsusilə gənc qadınlarda və sıx süd vəzi toxuması zamanı geniş istifadə olunur. Müayinə ağrısızdır və ionlaşdırıcı şüalanma ilə əlaqəli deyil.
Mammoqrafiya. Süd vəzi xəstəliklərinin skrininqində əsas instrumental müayinələrdən biridir və əl ilə hiss olunmayan kiçik dəyişikliklərin aşkar edilməsinə imkan verə bilər. Skrininqə başlama yaşı və müayinənin təkrarlanma intervalı müxtəlif tibbi qurumların tövsiyələrinə görə dəyişir. Bir çox tövsiyələrdə 40–50 yaşdan etibarən mammoqrafiyanın 1–2 ildən bir aparılması nəzərdə tutulur. Yüksək risk qrupuna daxil olan qadınlarda isə həkim müayinəyə daha erkən yaşda başlamağı tövsiyə edə bilər.
Həkim müayinəsi və əlavə diaqnostik testlər. Aşkar edilən dəyişikliklərin xarakterindən və fərdi risk faktorlarından asılı olaraq həkim tərəfindən maqnit-rezonans tomoqrafiyası (MRT), biopsiya və zəruri laborator müayinələr təyin edilə bilər.
Hansı müayinənin sizə uyğun olduğunu bilmirsiniz?
Mütəxəssis konsultasiyası üçün qeydiyyatdan keçin

Müayinəyə necə hazırlaşmalı?
- Mammoqrafiya üçün adətən menstruasiyadan sonrakı həftə (süd vəzisi yumşaq olanda) daha rahatdır
- Müayinə günü süd vəzi və qoltuq altına dezodorant, pudra və krem sürtməyin
- Əvvəlki müayinə nəticələrinizi (varsa) özünüzlə gətirin
- Ailədə xərçəng halları olubsa, bunu həkimə əvvəlcədən bildirin
Tez-tez verilən suallar
1. Mammoqrafiya ağrılıdır?
Müayinə bir neçə dəqiqə çəkir. Bəzi qadınlar qısa müddətli narahatlıq hiss edir, amma bu hiss tez keçir.
2. Ailəmdə heç kimdə xərçəng olmayıb. Yenə də müayinə lazımdırmı?
Bəli. Süd vəzi xərçəngi olan qadınların böyük əksəriyyətində ailə tarixçəsi olmur.
3. Gənc yaşda süd vəzi xərçəngi ola bilərmi?
Risk yaşla artsa da, gənc qadınlarda da rast gəlinə bilər. Yaşınızdan asılı olmayaraq, dəyişiklik görsəniz, həkimə müraciət edin.
4. Döş vəzi xərçəngi kişilərdə olurmu?
Nadir hallarda bəli. Döş vəzisində şiş hiss edən kişilər də həkimə getməlidir.
5. Şiş tapsam, bu xərçəngdir?
Xeyr. Əksər şişlər xoşxassəlidir, amma dəqiq cavabı yalnız müayinə verir.
Bu ay özünüz üçün bir addım atın
Oktyabr sağlamlığınızı xatırlatmaq üçün yaxşı bir fürsətdir, özünüzə vaxt ayırın. Bir müayinə sizi gələcək narahatlıqlardan qoruya bilər.
Respublika Diaqnostika Mərkəzində təcrübəli mütəxəssislər və müasir avadanlıqla süd vəzi müayinələrindən keçə bilərsiniz. Oktyabr ayına özəl təkliflərə keçid edərək xüsusi təkliflərdən yararlanın.
Bu blogu məlumatlandırma xarakterlidir və həkim konsultasiyasını əvəz etmir. Hər hansı narahatlıq hiss etsəniz, mütəxəssisə müraciət edin!
